Xəbər verdiyimiz kimi, ötən gün Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Vasif Bəşirlinin rüşvət yığdığına dair səs yazısı yayılıb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Vasif Bəşirli yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Bunlar hamısı yalan söhbətlərdir. Ümumiyyətlə, bu, qurama bir işdir. Belə bir şey yoxdur", - deyə o əlavə edib.

Qeyd edək ki, yayılan səs yazısında polis baş leytenantı V.Bəşirlinin əlbir olduğu adamdan 400-500 manat pul tələb etdiyi iddia edilirdi.

Murad İbrahimli

***

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisinin rüşvət aldığı iddia edilib.

"Unikal" oxu.az-a istinadən xəbər verir ki, bu barədə səs yazıları sosial şəbəkələrdə yayılıb.

Belə ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyi iddia olunur. 

Səslənən iddiaya görə, o, kiminləsə əlbir olub və müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyini vəd edib.

Səs yazısında V.Bəşirli əlbir olduğu adamdan 400-500 manat pul tələb edir. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yayılan səs yazısı barədə araşdırma aparılır:

“Bu barədə ətraflı məlumat veriləcək”.