Zəngəzur dəhlizinin bərpası Avrasiya nəqliyyat şəbəkəsinin genişlənməsinə, ölkələrimizin tranzit potensialının gücləndirilməsinə öz töhfəsini verəcək.
"Unikal" xəbər verir ki, bunu postmüharibə dövrünün reallıqları və imkanlarından danışarkən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Gömrük Xidməti Rəhbərlərinin 8-ci iclasında çıxışı zamanı deyib.
İ.Hüseynov bildirib ki, yaxın gələcəkdə imzalanacaq “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş” yükdaşımalarına dair ilkin məlumat mübadiləsi əsasında sadələşdirilmiş gömrük dəhlizindən istifadənin hüquqi təməlini təşkil etməklə daşımalarda səmərəliliyin artırılmasına, yüklərin sərhəd nəzarətindən keçirilməsinin optimallaşdırılmasına, nəqliyyat və logistika sisteminin inkişafı və bu proseslərin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə, ölkələrimizin ticarət dövriyyəsinin artırılmasına şərait yaradacaq.
İ.Hüseynov çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fikirlərinə istinadla vurğulayıb ki, türk dövlətləri dünyanın çox mühüm coğrafi və strateji bölgəsində yerləşir, bu ölkələr zəngin təbii sərvətlər və yüksək intellektual potensiala malik insan resurslarına sahibdir.
Son illər ticarət, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi, investisiyalar üçün əlverişli mühitin yaradılması istiqamətində görülən işlər barədə də məlumat verilib.
Tədbirdən bir gün öncə təşkilatın gömrük əməkdaşlığı üzrə işçi qrupunun 11-ci iclası keçirilib.
İşçi qrupun iclasında “İpək yolu” təşəbbüsü və “Karvansaray” layihəsi üzrə görüləcək işlər, əvvəlki iclaslarda qəbul edilən qərarların icra vəziyyəti, üzv dövlətlər arasında sərhəd keçidləri sahəsində qarşılıqlı fəaliyyətin artırılması, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş”in layihəsi və Səlahiyyətli İqtisadi Operator sistemlərinin təşviqi ilə bağlı məsələlər müzakirə edilib.