İyunun 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Niderlandın “Mine Mark” Fondunun təşkilatçılığı ilə Qaradağ rayonundakı “Qobu Park-1” yaşayış kompleksində məcburi köçkün məktəblilər üçün mina və partlayıcı hərbi sursatlara həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə kompleksdə yerləşən Ağdam rayon 32 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
"Unikal" xəbər verir ki, “Mine Mark” Fondunun həmtəsisçisi və icraçı direktoru xanım Lalə Van der Kolk onlara mina və digər partlayıcı sursatlar haqqında məlumat verib, Fondun maliyyə dəstəyi ilə uşaqlar üçün hazırlanmış buklet və jurnallar haqqında danışıb. Mina təhlükəsizliyinin əhəmiyyətini məktəblilərə aşılamaq üçün icraçı dirketor və xarici mütəxəssislər tərəfindən növbəti mərhələdə interaktiv yarışlar-oyunlar keçirilib.
Mina və digər partlayıcı sursatlardan qorunmağa dair tövsiyələri uşaqların daha tez qavraya bilməsi üçün fondun hazırladığı interaktiv oyunun elektron tətbiqi də məktəblilərə təqdim edilib. Elektron tətbiqlər məktəbin informatika kabinetindəki komputerlərdə quraşdırılaraq, şagirdlərə əyani şəkildə izah edilib. Mina təhlükəsizliyi sahəsindəki bu innovativ layihə həm məktəb rəhbərliyi, həm də şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Mine Mark Fondu tərəfindən Azərbaycan dilinə tərcümə edilən bu yenilik ilk dəfə ölkəmizdə keçən il tətbiq edilib. Layihənin əsas məqsədi mina və partlayıcı sursatların təhlükəsinin daha aşağı yaş kateqoriyalarına çatdırılmasıdır. Adıçəkilən Fond tərəfindən innovativ tədbir kimi paytaxt Bakıda həyata keçirilən bu addımın gələcəkdə ayrı-ayrı bölgələrdə icrası planlaşdırılır.
Xatırladaq ki, bu ilin aprel ayının 30-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Niderland Krallığının “Mine Mark” fondunun birgə əməkdaşlığı çərçivəsində Bakı, Abşeron və Sumqayıt şəhərləri də daxil olmaqla 10-dan çox ərazidə yerləşən məcburi köçkün məktəblərində fəaliyyət göstərən müəllimlər üçün “Minalardan və partlayıcı hərbi sursatlardan qorunma ilə bağlı maarifləndirici-interaktiv təlimlər” zoom platformu üzərindən eyni mütəxəssislər tərəfindən keçirilib. Məqsəd gələcəkdə eyni təlimlərin müəllimlər tərəfindən məktəblilərə müntəzəm olaraq keçirilməsidir.