""Açıq mikrofon" aksiyası SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun "Səyyar qəbul otağı"dır. Yəni, sizin burada bütün çıxışlarınız, müraciətləriniz birbaşa olaraq Birlik rəhbərinə təqdim olunacaq. Odur ki, qaz təchizatı ilə bağlı üzləşdiyiniz çətinlikləri rahat şəkildə səsləndirin".
"Unikal" xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov Yardımlı rayonunda vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Birliyin Əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov keçirilən bu görüşün aksiya çərçivəsində sayca 87-ci görüş olduğunu qeyd edərək, qaz təsərrüfatına dair ünvanlanan sualları cavablandırmağa hazır olduğunu qeyd edib. Aksiyaya Çay Üzü, Nisəqələ, Əfcədulan, Dəryavar, Köryədi, Teşkan, Avur və Dəlləkli kəndlərindən üz tutan vətəndaşlar kəndlərdə mavi yanacaq olmaması səbəbindən çətinlik çəkdiklərini bildirərək, kəndlərin qazlaşdırılmasını xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınıb.