İyunun 13-də rayonun Heydər Əliyev Parkında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin və kollektivlərin, ictimaiyyət nümayəndələrinin və rayon sakinlərinin iştirakı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şagirdlərin əl işlərindən ibarət rəsm və kiçik kompozisiyalara baxış keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. O bildirib ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olub: “Həmin gün xalqın istəyi və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşdi və bununla da Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu”.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib. Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.