Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirliyin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Technovate – Sabah Mələk İnvestorlar Klubu” arasında görüş təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə yerli startap icması, innovasiya ekosisteminin tanınmış üzvləri, “Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun təsisçiləri və investorları, media nümayəndələri iştirak ediblər.
Görüşdə innovasiya və startap ekosisteminin cari durumu, müasir çağırışlar, problemlər və yeni imkanlar istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technovate – Sabah Mələk İnvestorlar Klubu” ilə tərəfdaşlığı çərçivəsində investorlar üçün təlim proqramlarının, beynəlxalq mübadilə görüşlərinin maliyyələşdirilməsi, müştərək investisiya imkanlarının dəstəklənməsi və sözügedən klubun fəaliyyətinin təşviq olunması istiqamətləri müzakirə olunub.
Görüşdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun yaradılması təşəbbüsünü alqışlayaraq klubun fəaliyyətinin respublikanın innovasiya ekosistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Səsləndirilən istiqamətlər üzrə “Technovate – Sabah Mələk İnvestorlar Klubu” ilə birgə layihələrin həyata keçirilməsini labüd sayıram. Məqsədimiz ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan vermək, biznes mühitinin optimallaşdırılmasına, yerli layihələrin xarici bazarlara çıxarılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə nail olmaqdır. Bu istiqamətdə potensial tərəfdaşlarla daha da yaxından əməkdaşlıq etmək niyyətindəyik”, – deyə Rəşad Nəbiyev qeyd edib.
“Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun təsisçisi Fərid İsmayılzadə geniş təqdimatla çıxış edərək vençur studiya və klubların yaradılması və dəstəklənməsinin əhəmiyyətini önə çəkib. Klubun fəaliyyətindən danışan Fərid İsmayılzadə Azərbaycan, Gürcüstan və Orta Asiyada həyata keçirilən layihələrdən, ilkin inkişaf fazasında olan startaplara göstərilən toxum maliyyəşməsindən və beynəlxalq əməkdaşlıqdan danışıb.