Qax rayonunda sel sularından mühafizə tədbirləri görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Yaz və payız aylarında yağıntıların bol olması dağ çaylarında suyun səviyyəsini artırır. Artan sululuq isə yaşayış məntəqələrinə və əkin sahələrinə təhlükə yaradır. Bəzən belə hallar sel gəlməsi ilə nəticələnir. Ancaq öncədən görülən tədbirlər belə halların qarşısını alır. Bolsululuğu ilə seçilən Kürmük çayı rayonun və bölgənin ən böyük çaylarından hesab olunur. Selə meyilliliyi ilə seçilən bu çayda tarixən sel fəlakətləri baş verib. Müasir dövrdə isə belə halların qarşısı əvvəlcədən planlaşdırılmış şəkildə alınır. Bu vasitələr isə çayın sağ və sol sahillərində qurulan bəndlərdir. Hazırda Qax Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma dövründə sel, su və daşqınlar nəticəsində fermerlərin problemlə qarşılaşmaması üçün qabaqlayıcı tədbirlər görülür.
Qax Suvarma Sistemləri İdarəsi selə qarşı mübarizə ilə yanaşı rayon ərazisində olan əkin sahələrinin suvarılmasını da mütəmadi olaraq təmin edir. Suvarılmanın mütəşəkkil aparılması üçün torpaq məcralı kanallar daimi olaraq lildən təmizlənir, su itkisinin qarşısının alınması məqsədilə isə kanallar beton üzlüyə alınır. Bundan başqa əhalinin suvarma və içməli suya olan təlabatını ödəmək üçün bu il 5 ədəd artezian, 2 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib.
Qeyd edək ki, Qax rayonu ərazisində suvarılan sahələrə xidmət edən əsas mənbələr-Kürmük çayı, Qum çayı, Ləkit çayı ,Zərnə çayı, Qapıçay çayı, Duruca çayı və qaynama qara sularıdır. Bu il rayonda 6400 ha sahədə taxıl, 170 ha sahədə tütün, 80 ha sahədə yonca, 35 ha sahədə qarğıdalı əkilib və suvarılması aparılıb. Bundan başqa Qax Suvarma Sistemləri İdarəsi tərəfindən 2100 ha fındıq bağları və 90 ha bostan-tərəvəz bitkililərinin də suvarılması həyata keçirilir.