Saakaşvilidən şok qərar

O, dövlət mühafizəsindən imtina edib

Gürcüstan prezidenti Mixail Saakaşvili Xüsusi Dövlət Mühafizə Xidmətindən tam imtina edib. Unikal.org-un “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə bu Tiflisdə keçirilən brifinqdə prezidentin mətbuat katibi Manana Mancqaladze bildirib.

Onun sözlərinə görə, hökumət prezidentə onun şəxsi mühafizəsini gücləndirməyi təklif edib, bunu müqabilində isə ona Konstitusiyaya dəyişiklik edilməsinə razılıq verməsi təklifi irəli sürülüb. Mancqaladze qeyd edib ki, prezident özünü Konstitusiyadan yüksək qoymur.

Gürcüstan prezidentinin mətbuat katibi qeyd edib ki, bu gün səhərdən Xüsusi Dövlət Mühafizə Xidməti prezidentin mühafizəsi üzrə səlahiyyətlərini artıq dayandırıb, lakin bu addım ölkənin birinci şəxsinə əhali ilə görüşlərinə maneçilik törətməyəcək.

Manana Mancqaladze qeyd edib ki, prezident Xüsusi Dövlət Mühafizə Xidmətinin uzun illər səlahiyyətlərini vicdanla yerinə yetirən əməkdaşlarına minnətdarlığını bildirib.

Bundan əvvəl bildirilmişdi ki, bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsinə baş nazir Bidzina İvanişvilinin mühafizə xidmətinin rəhbəri Anzor Çubinidze təyin olunub. O bu vəzifədə Teymuraz Canaşiyanı əvəz edib. Müvafiq qərarı bu gün baş nazir Bidzina İvanişvili imzalayıb.

Qeyd edək ki, Xüsusi Dövlət Mühafizə Xidmətinə rəhbərlik funksiyası bu ilin fevral ayından Mixail Saakaşvilidən Bidzina İvanişviliyə keçib. Bu düzəlişi parlament prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması çərçivəsində qəbul edib.

Prezidentin ümumi mühafizəsini hal-hazırda yalnız onun şəxsi mühafizəkarları həyata keçirir.