İyunun 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.
"Unikal" xəbər verir ki, DGK sədri Səfər Mehdiyev qəbuldan öncə Biləsuvar şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.