Məlum olduğu kimi, 2022-ci il 12 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.
DİM-dən "Unikal"a verilən məlumata görə, imtahan nəticələri iyunun 20-də saat 17:36-dan etibarən DİM-in internet səhifəsində yerləşdirilib. Şagirdlər 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.Ad - 00:10
İmtahanda iştirakı nəzərdə tutulan 1155 nəfərdən 117 nəfər imtahana gəlməyib.
Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən cari və əvvəlki illərin abituriyentləri isə imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İyunun 12-də keçirilən imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 22 iyun 2022‑ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 21-23 iyun tarixlərində DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.