Ukrayna ordusu bu gün səhər saatlarında Qara dənizdə Rusiyaya məxsus "Çornomornefteqaz"ın qazma platformalarına raketlərlə hücum edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, 3 qülləyə edilən hücum zamanı orada 109 nəfər olub. Onlardan ümumilikdə 21 nəfər təxliyə edilib.
Hazırda Rusiyanın işğalında olan Krımın rəhbəri Sergey Aksenov "Telegram" kanalında bildirib ki, hadisə nəticəsində yaralananlar və itkin düşənlər var: "Bu gün səhər saat 8 radələrində düşmən (Ukrayna - red.) bölmələri "Çornomornefteqaz"ın qazma platformalarına hücum edib. Səhər saatlarından Müdafiə Nazirliyi və FSB-dən olan həmkarlarımla əlaqə saxlayıram, insanları xilas etmək üçün çalışıram. Bu qazma platformalarında 12 nəfər olub. Hazırda 5 nəfər yaralanıb, qalan 7 nəfərin axtarışları davam edir".
Qeyd olunub ki, digər iki platformada ciddi hadisə baş verməyib.
Onu da deyək ki, "Çernomornefteqaz"ın zərər çəkmiş qazma platformaları Krım yarımadasının şimalında, Odessa yaxınlığında yerləşir. Hazırda orada hasilat dayandırılıb.
Ağarza Elçinoğlu