Dünən Ermənistanda gecə saatlarında baş verən silahlı insidentin təfərrüatları məlum olub.
"Unikal" xəbər verir ki, hadisə hakim “Mülki Müqavilə” partiyasından olan deputat Matevos Asatryanın qohumları və Araqatsotn vilayətinin hökumətyönlü qubernator müavininin əmisi oğlu Edqar Pırvanyanın qohumları bir qrup gənc arasında baş verib. Adı çəkilən şəxslər (Matevos və Edqarın qohumları və dostları) əlbəyaxa olublar daha sonra Kalaşnikov avtomatından gənclərə atəş açmağa başlayıblar. Dava iştirakçılarından biri yerindəcə ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə rayonun Nigavan kəndi yaxınlığında baş verib. Mətbuatın yazdığına görə, hakim partiya üzvlərinin yaxınları gəncləri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı söydüyünə görə güllələyiblər.
Onu da qeyd edək ki, güllələnən gənclərdən biri, Hmayak Mikaelyan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi qulluqçusu olub.
Xatırladaq ki, ötən gün saat 20:30 radələrində Aparan tibb məntəqəsindən yerli polis şöbəsinə 7 vətəndaşın onlara güllə yarası da daxil olmaqla xəsarətlə çatdırılması barədə məlumat daxil olub. Xəstəxanaya Araqatsotn vilayətinin polis idarəsinin rəisi Tiqran Karapetyan, Aparan polis idarəsinin rəisi Aşot Hovhannisyan və Ermənistan İstintaq Komitəsinin Araqatsotn vilayəti üzrə İstintaq İdarəsinin rəisi Samvel Simonyan gəlib. Həkimlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildiriblər ki, yaralılardan biri özünə gəlmədən dünyasını dəyişib. Yaralıların bir qismi paytaxtdakı Erməni və Astqi tibb mərkəzlərinə yerləşdirilib.
Gültəkin Ələsgər