Mənim Özbəkistana səfərim çox əlamətdar hadisədən – Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatında bildirib.
Özbəkistanda Heydər Əliyevin xatirəsinin sevgi və hörmətlə yad edildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir”.
Prezident İlham Əliyev Özbəkistana səfərini həqiqətən sıçrayış xarakterli səfər adlandıraraq qeyd edib ki, müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.