Türk dünyası dövlətləri regionunun ciddi iqtisadi və siyasi potensiala malik subyektlərdəndir. Türk dövlətlərindən biri və keçmiş sovetlər birliyinin üzvü kimi Özbəkistan bütün dövrlərdə Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla prinsipial şəkildə dostluq mövqeyi sərgiləyən dövlətlərdəndir. Müstəqillik tariximizdə Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsində diplomatik əlaqələrin yüksək səviyyədə olduğu Özbəkistan ilə Azərbaycanı həmdə dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir.
Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. 1995-ci ildə Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr yaradılıb. Çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq Özbəkistanda hələ də Ermənistanın və Özbəkistanın qarşılıqlı səfirlikləri fəaliyyət göstərmir. Bundan başqa, Özbəkistan BMT Baş Assambleyasında 2008-ci il 14 mart tarixli "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnaməni dəstəkləyən yeganə Mərkəzi Asiya ölkəsi olub, Azərbaycan və Özbəkistan Prezidentləri tərəfindən 2010-cu ildə imzalanan Daşkənd Birgə Bəyannaməsində bu ölkə açıq şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin ilk öncə bizim suverenliyimiz, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına riayət olunması və təmin edilməsi, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasının zərurətini bəyan edib.
Özbəkistan hakimiyyətinin ilk gündən sərgilədiyi bu ədalətli və haqqa əsaslanan mövqe 2016-cı ildən, Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra da davam etdirilib, Ermənistanla soyuq təmaslara üstünlük verilib, Prezident Şavkat Mirziyoyev, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin sədri olduğu bir dövrdə Vətən müharibəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Qələbə münasibətilə nümayişkaranə şəkildə Azərbaycan xalqını təbrik edib. Hətta ötən ilin noyabr ayında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Füzulidə böyük məktəb inşa ediləcəyini bildirməklə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında bərpa və quruculuq prosesinə əməli dəstəyini ifadə edib. Bildiyiniz kimi, hazırda Azərbaycanla Özbəkistan arasında əsl qardaşlığın rəmzi olan 960 yerlik məktəbin tikintisi üçün ilkin işlərə artıq başlanılıb. Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu baxımdan, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Dünyadakı vəziyyəti nəzərə almaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq.
Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır. Bir sözlə, Azərbaycan və Özbəkistan Prezidentlərinin strateji tərəfdaşlığın dərinləşdirilməsi və inkişafı, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı sazişlərin imzalaması müstəqil siyasət yürüdən, bölgədə güc nisbətinə köklü təsir edə biləcək əməkdaşlıq və sülhün qarantına çevrilən yeni və müstəqil güc mərkəzinin formalaşmasından xəbər verir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov