Birləşmiş Millətlər Təşkilatı Əl-Cəzirə telekanalının jurnalisti Şirin Əbu Aklehin ölümünə səbəb olan atəşin İsrail qüvvələri tərəfindən açıldığını müəyyən edib. İsrail isə BMT-nin tapıntılarını əsassız adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları Bürosunun sözçüsü Ravina Şamdasani Cenevrədə jurnalistlərə açıqlamasınbda deyib. BMT nümayəndəsi qeyd edib ki, İnsan Hüquqları İdarəsi insidentlə bağlı özünün müstəqil monitorinqini başa çatdırıb.
“Bizim topladığımız bütün məlumatlar Əbu Aklehin ölümünə və onun həmkarı Əli Sammudinin yaralanmasına səbəb olan güllələrin İsrail hakimiyyətinin ilkin iddia etdiyi kimi silahlı fələstinlilərin qərəzsiz atəşə tutulması deyil, İsrail təhlükəsizlik qüvvələri tərəfindən açıldığı qənaətinə uyğun gəlir"-deyə Ravina Şamdasani bildirib.
"Jurnalistlərin bilavasitə yaxınlığında silahlı fələstinlilərin fəaliyyət göstərdiyini göstərən heç bir məlumata rast gəlmədik"- Şamdasani əlavə edib.
"Biz Əbu Aklehin ölümünə səbəb olan güllələrin İsrail təhlükəsizlik qüvvələri tərəfindən açıldığına inanırıq. İsrail hakimiyyətinin cinayət təhqiqatı aparmaması dərin narahatlıq doğurur”- o, əlavə edib.
Qeyd edək ki, mayın 11-də İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cenin düşərgəsində keçirdiyi əməliyyatı işıqlandırarkən mətbuat nişanları taxan fələstinli amerikalı televiziya jurnalisti öldürülüb.
Gültəkin Ələsgər