Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveç Baş naziri Magdalena Andersson arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi “Twitter“ səhifəsində bildirilib. Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlük məsələsi müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı İsveçin terrorla mübarizə kimi Türkiyə üçün əhəmiyyət kəsb edən fundamental məsələlərdə addımlar atmalı olduğunu bir daha vurğulayıb. İsveçin terror təşkilatı PKK/PYD/YPG-yə qarşı konkret münasibət dəyişməsi lazım olduğunu deyən Ərdoğan, bu nöqtədə İsveçdən Türkiyənin narahatlığını aradan qaldıracaq real bir təşəbbüs görmədiklərini qeyd edib. Silah embarqosunun, müdafiə sənayesi sektoruna qoyulan hüquqi və faktiki məhdudiyyətlərin aradan qaldırılmasını, habelə ekstradisiya və deportasiya tələblərinin yerinə yetirilməsini gözlədiklərini vurğulayan Prezident Ərdoğan, bütün bu mövzularda konkret öhdəliklərlə birlikdə məcburi öhdəliklər görmək istədiklərini qeyd edib.
Gültəkin Ələsgər