Türkiyə istehsalı olan “Alpin” pilotsuz helikopteri qanadlı raketlər və raketlərlə təchiz ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə “Titra Teknoloji” texnologiya şirkətinin baş direktoru Davut Yılmaz məlumat verib.
Yılmaz bildirib ki, tərtibatçılar idarə olunan helikopterdən lazımsız komponentləri çıxarıb, proqram və sistemlər əlavə edib, onu pilotsuz hala salıblar.
Onun sözlərinə görə, şirkət artıq iki Avropa ölkəsi və NATO-dan sınaqlar, tenderlərdə iştirak üçün dəvət alıb və avqust ayında test uçuşları başlayacaq.
“Helikopterin müxtəlif modifikasiyaları olacaq. Helikopter təkcə silah və sursatla deyil, həm də digər sistemlər və faydalı yüklə təchiz olunacaq" – Davut Yılmaz bildirib.
Onun sözlərinə görə, artıq 2023-cü ildə Alpinin imkanları ilə əyani şəkildə tanış olmaq mümkün olacaq: "Hələlik mühəndislərin prioriteti Alpini ordunun hərbi və logistika ehtiyaclarına uyğunlaşdırmaqdır. Məqsədimizə çata bilsək, o zaman Titra Teknoloji bu baxımdan dünyada ilk şirkət olacaq, Türkiyə ordusu isə bu cür helikopterləri alan ilk ordu olacaq”.
Ramil Zeynallı