İyun ayının 30-da Milli Məclis rəhbərliyinin, eləcə də deputatlar Soltan Məmmədov və Rauf Əliyevin təşəbbüsü, Vəkillər Kollegiyasının dəstəyi, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib. Aksiyanın məqsədi Vəkillər Kollegiyasının üzvləri olan peşəkar vəkillər tərəfindən hüquqi məsələlərlə bağlı mütəxəssis məsləhətinə ehtiyacı olan həssas qrupa daxil olan vətəndaşlara bu sahədə müvafiq dəstəyin verilməsi olub.
"Unikal" xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov vətəndaşların problem və qayğılarının daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə idarəetmə sahəsində həyata keçirilən islahatların əsas məqsədlərindən biri vətəndaşla dövlət arasında etibarlı münasibətlərin qurulmasıdır. E.Salahov aztəminatlı ailələrə hüquqi yardım aksiyasının da məhz bu məqdəsə xidmət etdiyini vurğulayaraq, təşəbbüsə görə Milli Məclis rəhbərliyinə və deputatlara təşəkkürünü bildirib.
Milli Məclisin deputatı Soltan Məmmədov Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikrinin bütün dövlət təsisatlarının fəaliyyətinin başlıca prinsipi olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, aztəminatlı ailələrə hüquqi yardım aksiyası bütün dövlət qurumları, qanunverici və icra hakimiyyəti strukturlarının vətəndaşların yanında olduğunu təsdiq edən növbəti faktlardan biridir.
Milli Məclisin deputatı Rauf Əliyev parlament aztəminatlı ailələrə dövlət tərəfindən hərtərəfli dəstək verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, vətəndaşlara layiqli xidmət bütün dövlət qurumlarının fəaliyyətinin əsas qayəsini təşkil edir.
Deputatlar aksiyanın təşkilinə verilən dəstəyə görə Xəzər Rayon İcra Hakimiyyətinə və Vəkillər Kollegiyasına minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının üzvü, 8 saylı Vəkil Bürosunun rəhbəri Zaur Musayev bu cür aksiyaların vətəndaşların hüquqi məsələlərlə bağlı problemlərinin həllinə kömək baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O, Vəkillər Kollegiyasının ehtiyacı olan aztəminatlı ailələrə dəstək məsələsini daim diqqət mərkəzində saxladığını qeyd edib.
Aksiya çərçivəsində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan peşəkar vəkillər tərəfindən həssas qrupa daxil olan vətəndaşlara, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətləri göstərilib.
Müraciət edən şəxslərə şifahi məsləhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin, iddia ərizələrinin hazırlanması və digər məsələlərə dair tövsiyələr verilib. Aksiyada 20-dən çox vətəndaşa müvafiq kömək göstərilib.