ABŞ-ın geniş oxucu kütləsinə malik “Frontpage Magazine” jurnalı və “The Jewish Press” qəzetində, habelə İsrailin ən nüfuzlu qəzetləri sırasından “Israelhayom” və “İsraelnationalnews”da Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İsrailə səfərindən bəhs edən məqalələr dərc olunub.
"Unikal" xəbər verir ki, siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalələrdə bu yaxınlarda Dövlət Komitəsi sədrinin İsrailə səfəri çərçivəsində adıçəkilən ölkənin rəsmiləri və İsraildə yaşayan Azərbaycan əsilli diaspor nümayəndələri ilə görüşlər keçirdiyi bildirilib. Müəllif İsrailin hazırkı koalisiya hökumətinin siyasi varlığını qorumaq üçün mübarizə apardığı bir şəraitdə maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı naziri Oded Forer, mənzil və tikinti naziri Zeev Elkinin, diaspor işləri üzrə nazir Naxman Şay, habelə Knessetin (İsrail Parlamentinin) bir neçə tanınmış üzvünün Fuad Muradovla görüşməsinə diqqət çəkərək, bunu ölkəsinin Azərbaycan ilə münasibətlərə verdiyi önəm və dəyər kimi vurğulayıb.
Görüşlərdə İsraildəki Azərbaycan diasporu, Azərbaycan-İsrail əməkdaşlığı, israillilərin Azərbaycanda investisiya imkanları, iki ölkə üçün potensial layihələr əsas müzakirə mövzuları olub. Azərbaycan rəsmisi İsraildəki Azərbaycan diasporunun Azərbaycanla müsbət əlaqələrinin israillilərin ölkəmizə bəslədiyi münasibətə göstərdiyi təsirdən danışıb.
İsrailin diaspor işləri üzrə naziri Naxman Şay bildirib ki, ölkəsinin Azərbaycan mənşəli diasporu İsrailin Azərbaycan ilə əlaqələrini gücləndirib: “Biz ölkələrarası çoxşaxəli əlaqələr haqqında geniş danışdıq. İki qurumun layihə və təşəbbüslərinin qarşılıqlı təqdimatı oldu. Ölkələrimiz arasında xüsusi dostluq münasibətlərinin kökləri iqtisadiyyat, kənd təsərrüfatı və turizmdən daha dərinə gedib çıxır. Bu, ümumi dəyərlərə və xalqlarımızın güclənməsinə olan inama əsaslanır. Gələcəkdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm”.
Qeyd olunub ki, Azərbaycan diasporunun İsraildəki əsas təşkilatı “Azİz”in 55 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Komitə sədri İsraildə Azərbaycan icmasının inkişafında xidmətlərinə görə ravvin Şmuel Simantov, Aleksandr Aqranovski, professor Mixail Aqarunov və digər tanınmış azərbaycanlı yəhudiləri medallarla təltif edib. Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında ölkəsinin Prezident İlham Əliyevin tövsiyələrinə əsasən müəyyən edilmiş yeni strategiyasından danışan Fuad Muradov xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi birliyinin təbliğini Azərbaycan dövlətinin strateji hədəfi kimi təqdim edib, habelə Azərbaycan-Ermənistan sərhədi boyunca ermənilər tərəfindən minalanmış sahələrin təmizlənməsinin və müharibədən sonrakı Qarabağda davamlı yenidənqurma işlərinin həyata keçirilməsinin vacibliyindən bəhs edib.
Azərbaycanın digər ölkələrə nümunə ola biləcək multlkulturalizm siyasəti, habelə ABŞ-da yəhudi və Azərbaycan icmaları arasındakı tərəfdaşlıqdan söz açılan məqalələrdə həmçinin qeyd olunub ki, sözügedən səfər yalnız Amerikanın yəhudi icması ilə deyil, həm də Azərbaycan, İsrail və ABŞ arasındakı üçtərəfli münasibətlərə də müsbət təsir göstərmiş olacaq.