ABŞ Dövlət Departamenti Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstəyini ifadə edib.

"Unikal" Amerikanın Səsinə istinadən xəbər verir ki, Ermənistan-Türkiyə dialoqu regional sabitliyi artırmaq potensialına malikdir:

“ABŞ bütün regiona müsbət təsir edəcək Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına güclü dəstək verir. Ermənistan-Türkiyə dialoqu regional sabitliyi artırmaq potensialına malikdir, bu, daha böyük iqtisadi inkişafa gətirib çıxara bilər ki, bu da hamının marağındadır. Bu, Rusiyanın Ukraynadakı müharibəsi fonunda bu gün xüsusilə vacibdir. Birləşmiş Ştatlar bu mühüm dialoqu hər iki tərəfin məqsədəuyğun hesab etdiyi tərzdə dəstəkləməyə hazırdır”, - ABŞ Dövlət Departamentinin cavabında deyilir.

Xatırladaq ki, iyulun 11-də baş nazir Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Liderlər ölkələr arasında münasibətlərin tənzimlənməsi prosesinin əhəmiyyətini vurğulayıblar ki, bu da regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Bu kontekstdə iyulun 1-də ölkələrin xüsusi nümayəndələrinin görüşündə əldə olunan razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Gültəkin Ələsgər