"Qlobal ərzaq qıtlığının müşahidə olunduğu, qiymətlərin yüksəldiyi bir dövrdə ərzaq təhlükəsizliyi məsələsi kifayət qədər aktualdır".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dövlət tərəfindən bu istiqamətdə preventiv addımlar davam etdirilir:
"Nazirlər Kabineti tərəfindən güzəşt mexanizminin genişləndirilməsi, ehtiyatlarımızın artırılması ilə bağlı işlər həyata keçirilib. Xüsusən, minimum istehlak səbətinə daxil olan məhsulların istehsalı üçün iş adamlarına iki yeni təşviq mexanizmi təklif olundu və tətbiq edilir. Onlardan biri aşağı faizli kreditlərə çıxışların artırılması, ikinci isə banklardan götürülən kreditlərin faizlərinin bir hissəsinin subsidiya edilməsi ilə bağlı idi. Bu istiqamətdə işlər davam etdirilir".
Deputat qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsi dürüstləşdirilən zaman bu istiqamətdə 193 milyon manat vəsaitin ayrılması nəzərdə tutuldu:
"Bu vəsait daha çox Azərbaycan üçün strateji ərzaq ehtiyatlarının genişləndirilməsinə sərf olunacaq. Etiraf etmək lazımdır ki, qlobal ərzaq qıtlığının olmasına baxmayaraq, Azərbaycanın istehlak bazarında tarazlıq qorunub saxlanılır. Azərbaycanda ərzaq məhsulunun qıtlığı müşahidə olunmur. Bu da atılan addımlarla bağlıdır. Ərzaq qıtlığı, qlobal istehlak bazarında qiymət artımlarının 2022-ci ildə dünyanın ən ciddi problemlərindən biri olacağı gözlənilir. Bu ilin növbəti aylarında da bu prosesin davam edəcəyi proqnozlaşdırılır. Ona görə də davamlı olaraq preventiv addımlar atılır. Məqsəd ondan ibarətdir ki, strateji ərzaq ehtiyatlarının artırılması yolu ilə ölkəmizdə ərzaq qıtlığının yaranmasının qarşısı alınsın və qlobal ərzaq qıtlığının Azərbaycan bazarına təsirləri minimumlaşdırılsın".
Anar Kəlbiyev