Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğunda 15 iyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə ələqadar tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsullu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsullu Nikoloz İaşvili, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə, təşkilat rəhbərləri və başqaları iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan və Türkiyə dövlətlərinin varlığı üçün canlarından keçən şəhidlərimizin ruhu hər birimiz üçün əzizdir. O, Azərbaycan və Türkiyə dövlətlərinin öz müstəqilliklərini, suverenliklərini və milli kimliyini daim qoruyacaqlarına əminlik ifadə edib, ölkəsi üçün canını fəda verən şəhidlərə Allahdan rəhmət diləyib.
Türkiyənin Gəncədəki Baş konsullu Zeki Öztürk çıxış edərək 15 iyul - Türkiyənin Demokratiya və Milli Birlik Gününün tarixi önəmindən danışıb. O qeyd edib ki, altı il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu.
Tədbirin davamında şəhidlərin xatirəsinə dualar oxunub, 15 iyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx nümayiş olunub.