Sumqayıt Tibb Mərkəzinin (STM) "İcbari tibbi sığorta ilə sağlam yaşa!" şüarı ilə Corat qəsəbəsində səyyar tibbi aksiya keçirilib.
"Unikal" xəbər verir ki, aksiya çərçivəsində qəsəbədə yaşayan 65 yaş və yuxarı yaş qruplarından olan 50-yə yaxın pasiyentin müayinəsi həyata keçirilib.
Aksiya zamanı terapevt, oftalmoloq, kardioloq, LOR və USM həkimi pasiyentləri müayinə edib. Sağlamlıqlarında problemlər müşahidə olunanlara tövsiyələr verilib, tibbi göstərişlərə əsasən STM-in tabeliyində olan tibb müəssisələrində xidmətin verilməsi təmin olunacaq.
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tibbi aksiya iyulun 19-da "Stansiya Sumqayıt" yaşayış massivində yekunlaşacaq. Aksiya çərçivəsində ümumilikdə 150 nəfər 65 yaş və yuxarı pasiyent müayinədən keçirilir. Tibbi aksiyanın ilk günü Hacı Zeynalabdin qəsəbəsində olub. Aksiyanın keçirilməsində əsas məqsəd şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində yaşayan ahıl insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı onlar arasında maarifləndirmə işləri aparmaqdır.