“Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və rəşadətli ordumuzun məharəti nəticəsində 30 ilə yaxın erməni işğalına məruz qalan torpaqlarımız erməni tapdağından azad olundu. Müzəffər Ordumuzun qəhrəmanlığı, şücayəti ilə işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndinə qayıdış başlayıb. Bu, 44 günlük Zəfər tariximizin Böyük Qayıdışın ilk addımıdır”.
Bunu “Unikal”a açıqlamasında Zəngilandan olan millət vəkili İmamverdi İsmayılov deyib. O bildirib ki, bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq: “Vətən Müharibəsində qələbə çalmağımız məhz bunun, Böyük Qayıdışa başlamaq üçün idi. Artıq biz öz doğma yurd-yuvamıza geri dönməyə başlayırıq. Möhtərəm Prezidentimizin böyük əziyyəti hesabına həyata keçirilən bu işlər ən ali nəticəsini verməyə başlayıb. İllərlə məcburi köçkün adını öz çiyinlərində ağır yük kimi daşıyan insanlar bu gün öz ata-baba torpaqlarına qayıdırlar. Bu xoşbəxtliyi, sevinci, qüruru ifadə etmək üçün söz tapmıram. Erməni vəhşilərinin viran qoyduğu bir ərazidə dünyada analoqu olmayan bir kənd salınıb. Cənab Prezidentin şəxsən tapşırığı və nəzarəti ilə həyata keçirilən quruculuq işlərinin ilkin nəticəsi ortadadır. Azərbaycan xalqı bu gün bütün zəngilanlılarla, Ağalı kəndinin sakinləri ilə birgə sevinir. Öz doğma yurd-yuvamıza qayıdışımız bizim üçün ikinci zəfər bayramıdır”.
İ.İsmayılov bütün Zəngilan və Ağalı kəndinin sakinləri adından bir daha Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “İstər indiki nəsil, istər bizdən sonrakı nəsillər bu şanlı qələbəyə, bu yenidənqurma, quruculuq və abadlıq siyasətinə görə cənab Prezidentimizə minnətdar olacağıq. Əsrlər keçəcək, amma bu tarixi qələbə və bu tarixi qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan və Ordumuz unudulmayacaq. Yaşasın, Azərbaycan, yaşasın, bu möhtəşəm qələbəni və vətənə qayıdışı bizə nəsib edən Ali Baş Komandan və ordumuz”.
Seymur Əli