Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti “Yol hərəkəti təhlükəsizliyi” təlimində iştirak edir.
Nazirlikdən "Unikal"a verilən məlumata görə, təlimin təşkilatçısı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Cənubi Qafqazda “Özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramıdır.
6 günlük proqramı Alman Yol Təhlükəsizliyi Komissiyasında akkreditə olunmuş “Hurmoğlu Education and Consultancy – HED Academy”nin (Türkiyə) mütəxəsisləri keçirlər.
Bu təlim logistika və nəqliyyatda kiçik və orta müəssisələrə təcrübələrini artırmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, yol daşımalarında təhlükəsizliyi gücləndirməyə kömək edəcək. İştirakçılar sertifikat əldə etdikdən sonra gələcəkdə təlim mövzularını tədris etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, Nəqliyyat Təlim və Tədris Mərkəzində sürücülük, iş və istirahət rejiminin xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını tənzimləyən normativ hüquqi aktlar üzrə də təlimlər keçirilir. Nəqliyyat xidmətləri təqdim edən mərkəzin təhsilə əlçatanlığını artırmaq üçün Gəncə, Şirvan, Lənkəran və Biləsuvarda regional filialları fəaliyyət göstərir.