Azərbaycanın minatəmizləmə işlərinə daha yüksək beynəlxalq diqqət və yardımın ayrılmasına ehtiyac var.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.
O, Aİ-yə Azərbaycanın minatəmizləmə əməliyyatlarına verdiyi dəstəyə görə təşəkkür edib. Minatəmizləmə postmünaqişə dövründə yenidənqurmanın əsas elementidir: “2020-ci ilin noyabrında müharibənin başa çatmasından bəri minaların partlaması nəticəsində Azərbaycanın 93-ü mülki olmaqla, 225 vətəndaşı öldürülüb və yaxud yaralanıb. Ərazisi minalarla, partlamamış sursatlarla ən çox çirkləndirilmiş ölkələrdən biri olan Azərbaycanın minatəmizləmə işlərinə daha böyük beynəlxalq diqqət və yardımın yönəldilməsinə ehtiyac var. Biz 40 milyon avroluq sonuncu paket də olmaqla, Aİ-nin humanitar minatəmizləmə işlərində yardımına görə təşəkkür edirik. Biz ümid edirik ki, səfərbər edəcəyimiz bütün aidiyyəti qurumlar minatəmizləmə səylərini dəstəkləyəcək. Biz Aİ-nin Azərbaycanda postmünaqişə bərpasına töhfə vermək səylərini yüksək qiymətləndiririk. Bu gün Avropa şirkətləri Azərbaycanın azad edilmiş ərazilərdəki müxtəlif layihələrdə iştirak edirlər”.