"Azərbaycanda investisiya iqlimi çox yaxşıdır".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda “Azərbaycan Vanhong Ceramics Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin keramik plitələr istehsalı müəssisəsinin təməlqoyma mərasimində deyib.
Müəssisənin təsisçisi Fan Jian Shan Prezident İlham Əliyevə layihə barədə məlumat verib:
"Bizim şirkət 1992-ci ildə yaradılıb və hazırda Çində 5 zavodumuz və dünyanın 5 ölkəsində zavodlarımız fəaliyyət göstərir. Müəssisələrimizin ümumi investisiya dəyəri 300 milyon ABŞ dollarıdır. Zavodlarımızda çalışan işçilərin sayı 4 min nəfər təşkil edir. Zavodlarımızın illik ümumi istehsal gücü 80 milyon kvadratmetrdir və ümumi illik gəliri isə 400 milyon ABŞ dollarıdır".
"Çox yaxşı. Mən gördüm ki, siz Çindən kənarda cəmi 4 ölkədə müəssisə qurmusunuz. Azərbaycan beşinci ölkədir. Dediyiniz kimi bu onu göstərir ki, Azərbaycanda investisiya iqlimi çox yaxşıdır. Burada 400 nəfər işləyəcək, yaxşı maaş alacaq. İnvestisiyaların həcmi də kifayət qədər böyükdür - 70 milyon manata yaxındır. Amma bu, hələ birinci mərhələdir. Əminəm ki, siz fəaliyyətinizi bundan sonra digər sahələrdə də genişləndirəcəksiniz", - dövlət başçısı vurğulayıb.