İsrailin baş naziri Yair Lapid 1932-ci ildə Qərbi Qüdsdə fələstinli iş adamı Hanna Selame tərəfindən tikilmiş və İsrailin 1948-ci il müharibəsindən sonra ələ keçirdiyi villaya köçüb.

"Unikal" xəbər verir ki, Fələstinli Kristian Selame villanı tikdiyi vaxt Amerikanın General Motors avtomobil şirkətinin İordaniyadakı və Britaniyanın Fələstindəki mandat ərazilərindəki nümayəndəsi olub.

1948-ci ildə İsrail ilə ərəb dövlətləri arasında baş verən müharibədən sonra Selame ailəsi ilə birlikdə Livanın paytaxtı Beyruta köçüb. Bunun üzərinə tikdiyi villaya, Qərbi Qüdsdəki digər Fələstin mülkləri kimi, qanuni olaraq “sərkin mülk ” statusu verilib.

Naftali Bennettin varisi, İsrailin yeni baş naziri Yair Lapid iyulun 15-i bu 9 nömrəli villaya köçüb.

İsrailin “Haaretz” qəzeti yazıb ki, “ Baş nazir Lapid İsrail baş nazirinin rəsmi iqamətgahının təmiri ilə əlaqədar 1948-ci il müharibəsi zamanı Qüdsü tərk etmiş ərəblərə məxsus evə müvəqqəti köçəcək".