Ali Radanın deputatı Rustem Umerov Ukraynanın taxıl ixracını hansı limanlar vasitəsilə həyata keçirəcəyini bildirib.

"Unikal" xəbə verir ki, bu barədə “Public” telekanalı məlumat yayıb.

Beləliklə, Ukrayna taxılı üç liman vasitəsilə ixrac etmək niyyətindədir: Odessa, Yujnı və Çornomorsk. Umerov dəniz və silahlı qüvvələrin bütün tövsiyələrini nəzərə alaraq ixrac marşrutlarının daha da genişləndirilməsinə ümid etdiyini bildirib. 

Mülki gəmilər hərbçilərlə birlikdə hazırlanmış marşrutlar üzrə hərəkət edəcək. 

Deputatın sözlərinə görə, gəmilərin hərəkətinin təhlükəsizliyinə İstanbulda yerləşəcək BMT-nin tabeliyində olan qrup nəzarət edəcək.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Rusiya Ukrayna taxılının ixracına yardım etməyə hazırdır, bununla belə, Rusiya taxılının ixracına qoyulan bütün qadağalar aradan qaldırılmalıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə hakimiyyəti bu həftə Ukrayna taxılına dair müqavilə imzalamağı planlaşdırır.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 13-də Rusiya  Türkiyədə keçirilən danışıqlarda “taxıl” məsələsinin tezliklə həllini  təklif edib. Ukrayna taxılı olan gəmilərin Qara dənizə çıxarılması bir ay çəkə bilər və tərəflər konsensusa gələrsə, Türkiyə və BMT bu mexanizmin icrasına nəzarət edəcək.

Xatırladaq ki, Qərb dəfələrlə Rusiyanı Ukrayna taxılının Avropaya tədarükünə qarşı çıxmaqda ittiham edib, lakin Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri dəfələrlə Moskvanın taxıl ixracına müdaxilə etmədiyini vurğulayıb və  danışıqlara hazır olduqlarını bəyan ediblər . Vladimir Putin həmçinin bildirib ki, taxıl ixracının ən asan yolu  Belarusdan keçir.