İyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşdə bir sıra məsələ müzakirə olundu. Artıq tərəflər arasında deputatların görüşlərinin təşkil edilməsi təklif olunur. Hətta Azərbaycan və Ermənistan Paralmentlərarası İşçi Qrupunun yaradılacağı barədə də fikirlər var. Avropa Şurası Parlament Assambleyasının sessiyaları zamanı Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bununla əlaqədar təklif səsləndirib. Komitə sədri erməni deputatları danışıqlar masasına dəvət edib, amma onlar bununla razılaşmayıb.
Məsələ ilə bağlı Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Unikal"a açıqlama verib:
"Ermənilər gərək müstəqil olsunlar ki, bizimlə ciddi söhbətlər apara bilsinlər. Hadisələr göstərir ki, Ermənistan müstəqil deyil. Onlara heç dövlət adı da yaraşmır. Ona görə də, Ermənistanla danışıqlar aparmaq olduqca çətindir. Əlbəttə ki, ümidi itirmək olmaz. Biz bu məsələdə ümidli olsaq da, qətiyyən rahatlaşmaq da olmaz. Xüsusilə regionda baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi, Avropa və Amerika Birləşmiş Ştatlarında baş verən prosesləri izləməliyik.
Mənim fikrimcə, bu məsələnin bir yolu var. O da Azərbaycanın günü-gündən güclənməsi, qüdrətini artırmasıdır. Həmçinin, Azərbaycan dünya ölkələri ilə daha sıx əlaqələr yaratmalıdır və öz sözünü yüksək səviyyədə deməyi bacarmalıdır. Nəticədə, Azərbaycan danışıqlar masasında daha güclü mövqeyə malik olacaq. Bununla da biz Ermənistan rəhbərliyini sülhə məcbur edəcəyik", - deyə o bildirib.
Murad İbrahimli