İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşü keçirilib.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Kiril Petkovu qarşılayıb.
Sonra rəsmi foto çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev qonağı salamlayaraq dedi:
- Cənab Baş nazir, xoş gəlmisiniz. Gəldiyinizə görə minnətdaram.
Bolqarıstanın Baş naziri Kiril Petkov: Çox sağ olun.
Prezident İlham Əliyev: Şəxsən görüşmək imkanına görə təşəkkür edirəm. Biz ikitərəfli münasibətlərimizə aid çox mühüm məsələləri müzakirə etmək üçün dəfələrlə telefonla söhbət etmişik. Şadam ki, hazırda Siz ölkəmizdə səfərdəsiniz. Beləliklə, əməkdaşlığımızın inkişafına dair fikir mübadiləsi üçün daha çox imkanımız və vaxtımız var.
Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir. Bu və digər məsələlər bu gün müzakirə olunacaq. Şadam ki, biz enerji sahəsində aramızda iş birliyini qurmuşuq. Bolqarıstana Cənub Qaz Dəhlizi üzrə artıq birbaşa xətt gedir. Bu, təbii ki, gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlıqdır. Lakin nəinki enerji, o cümlədən ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də var.
Dostlar arasında müzakirə olunacaq sahələr çoxdur. Ölkələrimiz dost ölkələrdir. Əminəm ki, bu dostluq gələcəkdə güclənəcək. Bir daha xoş gəlmisiniz.