Rosatom Dövlət Korporasiyası Türkiyədə Akkuyu AES-in dördüncü enerji blokunun tikintisinə başlayıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, 4 nömrəli enerji blokunun bünövrə plitəsi altına ilk betonun tökülməsinə startı “Rosatom”un baş direktoru Aleksey Lixaçev və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz veriblər.

"Birinci betonun tökülməsi statusun dəyişməsi deməkdir: dördüncü blok MAQATE-nin siyahısında tikilməkdə olan rəsmi nüvə enerji bloku kimi görünəcək", - deyə Lixaçev tikintinin başlama mərasimində çıxış edib.

Akkuyu Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Akkuyu AES-in ilk enerji bloku 2023-cü ildə işə salınacaq.

Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış Türkiyə Respublikasında Akkuyu ərazisində AES-in tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. Rosatom Dövlət Korporasiyası stansiyanın layihələndirilməsi, tikintisi, saxlanması, istismarı və istismardan çıxarılması ilə bağlı öhdəlikləri üzərinə götürən Akkuyu Nüvə şirkətinin əksər səhmdarıdır. Layihə Rusiya layihəli VVER nəsil 3+ reaktorları ilə dörd enerji blokunun tikintisini nəzərdə tutur. AES-in hər bir enerji blokunun gücü 1200 MVt olacaq. Akkuyu AES istismara verildikdən və tam gücü ilə işə salındıqdan sonra ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək. Elektrik stansiyasının Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ni qarşılayacağı proqnozlaşdırılır.