Artıq "WhatsApp" istifadəçiləri “Android” əməliyyat sistemindən iOS-a keçərkən messencer məlumatlarını ötürə biləcəklər.

"Unikal" xəbər verir ki, bu barədə “XDA-developers” portalı məlumat yayıb. Keçən il belə funksiya “Samsung” istifadəçiləri üçün yaradılmışdı.

Yenilik hesab məlumatlarını, profil şəklini, şəxsi və qrup çatlarını, söhbət tarixçəsini, media faylları və ayarları bir əməliyyat sistemindən digərinə ötürməyə imkan verir. Bununla belə, zəng tarixçəsi və hesabın görünən adı kopyalanmır.

Qeyd olunur ki, istifadəçi minimum “Android 5.0” və ya “iOS 15.5” əməliyyat sistemli smartfona malik olmalıdır. Bundan əlavə, “Android”də "WhatsApp"ın 2.22.7.74 və ya daha yüksək versiyası, iOS-da isə "WhatsApp"ın 2.22.10.70 və ya daha yuxarı versiyası quraşdırılmalıdır.

İstifadəçi “Android” smartfonundan “iPhone” keçirsə, birinciyə “iOS-a köçürmə” tətbiq-proqramını quraşdırılmalıdır, “iPhone” isə zavod parametrlərinə qədər sıfırlanmış və ya tamamilə yeni olmalıdır. Bundan əlavə, hər iki cihaz eyni Wi-Fi şəbəkəsinə qoşulmalıdır.