Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar “Müstəqil Azərbaycan mətbuatı” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, media nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan mətbuatı 147 illik zəngin inkişaf yolu keçib. 1875-ci ildə “Əkinçi” qəzeti ilə başlanan bu yol müstəqillik dövründə uğurla davam etdirilib. Bu gün ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin rolu böyükdür. O qeyd edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkə rəhbəri milli medianın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır. Şəhər rəhbəri media nümayəndələrini səmimi-qəlbdən təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxışında mədəniyyət sahəsinin media ilə sıx bağlı olmasından bəhs edib. O, gələcək işlərində media nümayəndələrinə müvəffəqiyyətlər arzulayıb. I və II Qarabağ müharibəsində şəhid olan jurnalistlərimizə Allahdan rəhmət diləyib.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, ”Novosti Gyandji” qəzetinin redaktoru İrina Kalaşnikova, AZTV-nin bölgə müxbiri Xaliq Qurbanlı, "Kəpəz" MTRŞ-nın xüsusi müxbiri Elnur Rzayev və jurnalist Sənubər Qocayeva çıxış edərək, ölkəmizdə söz və mətbuat azadlığının tam təmin olunduğu bildiriblər. Çıxışlarda o da qeyd olunub ki, Azərbaycan mediası Vətən müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, fasiləsiz davam edən informasiya müharibəsində öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər.
Tədbirdə 4 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi Gülcan Qasımovanın, müəllim Aişə Cəfərovanın və Gəncə Dövlət Filarmoniyasının solisti Cəfərov Rüstəmin ifasında musiqi nömrələri səslənib.
Sonda Gəncə şəhərinin ictimai-siyasi həyatında baş verən hadisələrin dəqiq, operativ və qərəzsiz işıqlandırılmasındakı səmərəli fəaliyyətlərinə görə Gəncə şəhərində fəaliyyət göstərən media işçiləri "Milli Mətbuat Günü" münasibətilə təltif olunublar.