UNEC tələbələrinin "Guidera" adlı layihəsi Meta (Facebook) şirkəti ilə birlikdə təşkil olunan Genesis Startap Akademiyası tərəfindən qəbul olunub.
"Unikal" xəbər verir ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 4-cü kurs tələbələri İdrak Atakişili və Tural Salmanovun birgə hazırladıqları “Guidera” layihəsi 30-dan çox ölkədən, 3000 müraciətçi arasından seçilib. "Guidera" yerli bazarda lider şirkətlər tərəfindən təsis edilmiş praktiki kurslar və virtual təcrübə proqramlarını "NanoMaster" adlı paket şəklində təklif edən platformadır. Layihənin məqsədi əmək bazarında işə götürən şirkətlərin ehtiyaclarını qarşılaya biləcək mütəxəssislər hazırlamaq, eyni zamanda işçi qüvvəsini səmərəli şəkildə idarə edərək, işsizliyi azaltmaqdır. “NanoMaster” proqramlarında nəzəri biliklərin praktik şəkildə şirkətlərin virtual təcrübə proqramlarında tətbiqi də nəzərdə tutulub.
Tələbələr proqram müddətində Genesis Tech-in təsisçiləri və direktorları, eləcə də dünyanın nəhəng şirkətləri olan Meta, Amazon Web Services (AWS), Horizon Capital, Flyer One Ventures, AppsFlyer, Awesonic, Notion, Legal Nodes, Zendesk, Customer.io və digər şirkətlərin ekspertlərindən tədris və mentorluq dəstəyi alacaqlar.
Əlavə olaraq, tələbələr Meta Blueprintın sertifikatını almaq, məhsulun inkişafı üçün Amazonun şirkəti tərəfindən 10 min ABŞ dollarınadək AWS krediti əldə etmək və Pitch Day zamanı biznes ideyalarını VC fondlarına təqdim etmək şansı qazanıblar.
Qeyd edək ki, “Guidera” layihəsi Azərbaycan Beynəlxalq Bankının İnkubasiya proqramına da qəbul olunub.