"Göhər" Mənzil-Tikinti Kooperativi (MTK) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti 94 ünvanında inşa olunan çoxmənzilli yaşayış sahəsinin sakinləri binanın vəziyyətindən şikayətçidir.
Bu barədə "Unikal"a müraciət edən bina sakini Aydın Əsədullayev bildirib ki, MTK rəhbərliyi tərəfindən binaya diqqət göstərilmir:
"Binada mühafizə yoxdur. Domofon işləmir. Həmçinin, liftdə də tez-tez problemlər olur. Zibilləri də təmizləyən yoxdur. Sakinlər tərəfindən binanın xərcləri üçün hər ay ödənilən aylıq ödəniş rəhbərlik tərəfindən mənimsənilir və binanın problemləri üçün xərclənmir.
Bina rütubətlidir. Qaraja düşürsən, orada həmişə su axır. Dəfələrlə MTK rəhbərliyinə müraciət etmişik. Dedilər ki, binaya baxılacaq və boyanacaq. Amma vəd etdikləri heç bir işi görmədilər. Bütün şüşələr qırılıb. Bina hazırda Suriyaya oxşayır. Bianın üzərindəki suvaqlar uçub tökülür. Keçən dəfə suvaq uçub və mənim maşınımın üzərinə düşüb", - deyə o əlavə edib.
Qeyd edək ki, "Göhər" MTK-nın rəhbəri Eldar Rzayev adlı şəxsdir. Hazırda MTK-nın 913 min 300 manat 35 qəpik vergi borcu mövcuddur.
MTK-nın təsisçisi Eldar Rzayev saytımıza açıqlamasında binada heç bir problemin olmadığını bildirib:
"Sakinlərin sözü ilə qərar qəbul etmək olmaz. Məsələ araşdırılmalıdır. Əgər sakinlərin narazılıqları varsa, məhkəməyə müraciət etsinlər".
Murad İbrahimli