Meşəətrafı yaşayış məntəqələrinin qazlaşdırılması perspektivləri və bu istiqamətdə birgə fəaliyyətin müzakirəsi mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi yanında fəaliyyət göstərən İctimai Şuralar arasında növbəti görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və hər iki qurumun struktur bölmələrinin rəhbər şəxsləri də iştirak edib.
Görüş zamanı respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində perspektiv fəaliyyət planının hazırlanması və planın reallaşdırılması üçün İctimai Şuralar tərəfindən dəstək göstərilməsi məsələləri müzakirə olunub.
Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələrinin təklif və tövsiyələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, ictimaiyyətin məlumatlandırılması məqsədilə koordinasiyalı fəaliyyətin həyata keçirilməsi və belə görüşlərin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.