İyulun 27-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü İstisu qəsəbəsində keçirib.
"Unikal" xəbər verir ki, icra başçısı ilə birgə səyyar görüşdə İcra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Taleh Qaraşov səyyar qəbulun keçirilmə məqsədi barədə danışıb.
İcra başçısı bildirib ki, insanlarla birbaşa dialoqun qurulması, qarşılıqlı etimadın gücləndirilməsi və onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsi prioritet məsələlərdəndir. Öncəliklə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının qayğı və problemlərini diqqətlə dinləyən T.Qaraşov qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıq və göstərişlərini verib. İcra başçısı qeyd edib ki, səyyar qəbul-görüşlərdə qaldırılan bütün məsələlər şəxsən onun nəzarətindədir. T.Qaraşov cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amilinin dayandığını xatırladaraq bildirib ki, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurəti müasir dövrün tələbidir. İcra başçısı 44 günlük Vətən müharibəsindən və ondan sonrakı dövr ərzində görülən işlərdən danışaraq qeyd edib ki, Azərbaycan xalqı yumruq kimi dövlət başçısının ətrafında birləşməklə zəfərə imza atıb, bu gün azad olunan torpaqlarımız dirçəlməkdədir və artıq Ağalı kəndinə yerli sakinlərin Böyük Qayıdışı təmin edilib.
T.Qaraşovun sözlərinə görə, Qarabağdakı quruculuq və bərpa işləri tamamilə Azərbaycan dövlətinin və xalqının maddi və mənəvi gücü ilə həyata keçirilir. Yerli sakinlər də səmimi və açıq qəbula görə İcra başçısına təşəkkür ediblər. Problem və qayğılarının həllinə ən qısa zamanda nail olacaqlarına inamlarını ifadə edən İstisu qəsəbəsinin sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sosial-iqtisadi vəziyyətlərinin günü-gündən yaxşılaşdığına, müraciətlərinə obyektiv və operativ baxıldığına, sosial infrastruktur layihələrinin uğurla həyata keçirildiyinə görə dərin və səmimi minnətdarlıqlarını bildiriblər.