İyulun 28-də Baş prokuror Kamran Əliyev Mingəçevir şəhər prokurorluğunun inzibati binasında Mingəçevir şəhər, Yevlax və Ağdaş rayonları, həmçinin digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 63 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları , mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Yevlax və Ağdaş rayon prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.