SOCAR “Azəriqaz” İstehsalat Birliyində müştəri məmnuniyyəti və göstərilən xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədi ilə aparılmış sorğunun nəticələrinin elan olunması, həmçinin QHT və media nümayəndələrinin suallarının cavablandırılması ilə əlaqədar “Açıq qapı” aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, aksiyada Birliyin baş direktoru Ruslan Əliyev, QHT və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, eləcə də abonentlər arasında sorğunun aparılmasını həyata keçirən “QBS Consulting” MMC-nin nümayəndəsi Valeh İsmayılov da iştirak ediblər.
Ruslan Əliyev qeyd edib ki, belə aksiyaların keçirilməsi abonentlərlə əməkdaşlarımız arasında operativlik və şəffaflığın təmin olunmasına, eyni zamanda müştəri məmnuniyyətinin artırılmasına xidmət edir.
Valeh İsmayılov aparılmış sorğunun nəticələri barədə ətraflı məlumat verib. O bildirib ki, bu sorğu “Azəriqaz” İB-nin “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərində göstərdiyi xidmətlərin, 104/185 Çağrı mərkəzinin fəaliyyətinin məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə həyata keçirilib. Sorğu “Azəriqaz” İB-nin abonentləri arasından təsadüfi qaydada seçilmiş 1870 nəfərlə telefon vasitəsilə, habelə ictimai yerlərdə 210 nəfərlə üzbəüz formada olmaqla, ümumilikdə 2080 nəfər arasında aparılıb. İctimai yerlərdə keçirilmiş 210 sorğunun 136-sı Bakı şəhərinin, 40-ı Gəncə şəhərinin, 34-ü isə Şamaxı rayonunun payına düşüb. Həmçinin Bakı şəhərində yerləşən 3 “Asan Kommunal” mərkəzində göstərilən xidmətlərin yerində qiymətləndirilməsi məqsədilə bu mərkəzlərdə “gizli müştəri” qismində müşahidələr aparılıb. Ümumilikdə sorğunun nəticələri müsbət qiymətləndirilib.
Aparılan sorğunun nəticəsi barədə media nümayəndələrinin suallarını cavablandıran Birlik rəhbəri sonra sosial şəbəkə üzərindən daxil olan müraciətlərin araşdırılması barədə göstərişlərini verib.