Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanı başa çatıb.
Dövlət İmtahan Mərkəzindən "Unikal"-a verilən xəbərə görə, imtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.
Dövlət İmtahan Mərkəzi iyulun 31-də 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
Bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanın keçirilməsinə 10 imtahan binası, 52 zal, 14 imtahan rəhbəri, 65 nəzarətçi-müəllim cəlb olunub.
İmtahan bütün binalarda saat 10:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.
İmtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 238 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.
İmtahan nəticələri yazı işlərinin yoxlanılması prosesi başa çatdıqdan sonra - 5 gün ərzində elan olunacaq.
İmtahandan məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər. Həmin abituriyentlər nəticələr elan olunduqdan sonra ixtisas seçimi etməlidirlər.