Son hesabat dövründə kasetli silahlardan 360 nəfərin zərər çəkdiyi rəsmi qeydə alınıb. Zərərçəkənlərin hamısı mülki şəxslərdir ki, onların da 44%-ni uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriyada (182 nəfər) və Azərbaycanda (107 nəfər) qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin məlumatında deyilir. Qeyd olunub ki, 3 dekabr 2008-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının “Kasetli Silahlara dair Konvensiya”sı Oslo şəhərində imzalanıb. 1 Avqust 2010-cu il tarixdən qüvvəyə minmiş bu Konvensiyanı hazırda 123 ölkə imzalayıb ki, onlardan da 110 ölkə ratifikasiya prosesini başa çatdırıb. Konvensiyaya üzv dövlətlər 10 il ərzində nəzarətində olan ərazidəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir. Bu Konvensiya qüvvəyə mindikdən sonra 17 dövlət kasetli silahlar istehsal etməkdən, onlarla dövlət isə bu silahların istehsalına investisiyalar qoymaqdan imtina ediblər. Konvensiyaya üzv ölkələr ehtiyatlarında olan kasetli silahların 99% məhv ediblər. Konvensiya qüvvəyə mindikdən sonra dövlətlərin ehtiyatında olan 1.5 milyon kasetli silahların 178 milyon subsursatı məhv edilib, 63.4 km2 ərazisi təmizlənib.
Məlumata görə, son hesabat dövründə kasetli silahlardan 360 nəfərin zərər çəkdiyi rəsmi qeydə alınıb. Zərərçəkənlərin hamısı mülki şəxslərdir ki, onların da 44%-ni uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriyada (182 nəfər) və Azərbaycanda (107 nəfər) qeydə alınıb. Ermənistanla olan münaqişə səbəbindən Azərbaycan bu konvensiyaya qoşula bilmir. Konvensiyaya üzv dövlətlərin 2-ci İcmal Konfransında Azərbaycan rəsmi şəkildə bildirib ki, Dağlıq Qarabağda kasetli silahlardan istifadə etməyib və “ən qəti şəkildə kasetli silahlardan istifadə olunmasını qınayır”. 2015-ci ildən başlayaraq hər il Azərbaycan BMT Baş Assambleyasının bu Konvensiyaya aid qətnaməsinə müsbət səs verir. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.
2020-ci ilin payızında baş vermiş döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan “Smerç” reaktiv yaylım atəş sistemindən atılan kasetli mərmilərdən istifadə etmişdir. 28 Oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinə atılmış mərmi 9N235 tipli subsursatla təmin edilmiş kasetli raket olmuşdur ki, bunun da nəticəsində 21 nəfər həlak olmuş və 70 nəfər yaralanmışdır. Bundan başqa Ermənistan tərəfindən Azərbaycanın Qızılhacılı (3 oktyabr 2020), Tapqaraqoyunlu (23 oktyabr 2020), Kəbirli (24 oktyabr 2020) və Qarayusifli (27 oktyabr 2020) kəndlərinə də kasetli mərmilərin atılması sübut olunub.
Bütün bu hücumlar nəticəsində ilkin məlumatlara görə 107 nəfər həlak olub və yaralanıb.