Avqustun 1-də Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzadə Şakulikova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüb.
"Unikal" xəbər verir ki, iki ali təhsil müəssisəsinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qazaxıstan Respublikasınin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri Sayan Kulzhanov, Atırau Neft və Qaz Universitetinin əməkdaşı, Sənaye komitəsinin üzvü Fuad Hacıyev, həmçinin ADNSU-nun prorektorları - dosent Qasım Məmmədov, dosent Rafiq Camalaov və Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova iştirak ediblər.
Görüş zamanı hər iki universitetin imkanlarından və təhsildə qazandığı yeniliklərdən, perspektiv layihələrdən bəhs olunub. Rektor, professor M.Babanlı qonaqlara ADNSU-da hazırda təhsil sahəsində əldə olunan nailiyyətlər, görüləcək işlər, təhsil və tədrisin keyfiyyətinin qaldırılması istiqamətində əldə olunan uğurlar və universitetin beynəlxalq əlaqələri haqqında məlumat verib.
Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzadə Şakulikova təmsil etdiyi ali təhsil müəssisəsi haqqında, oradakı tədris prosesi, gerçəkləşdirilən layihələr barədə danışıb. ADNSU-da olmaqdan məmnun olduqlarını bildirən qonaqlar belə təcrübəli universitetlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. G. Şakulikova qeyd edib ki, neft-qaz sahəsində Azİİ və onun yetişdirdiyi kadrlar dünyada tanınır və biz bu təhsil müəssisəinin təcrübəsindən yararlanmaq istəyirik və geniş plotformada əməkdaşlıqda maraqlıyıq.
Söhbət zamanı həmçinin, mübadilə proqramlarının tətbiqi, iki universitet arasında ortaq layihələrin icra olunması, eyni zamanda gələcəkdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində memorandum imzalanması ilə bağlı da fikir mübadiləsi aparılıb. Sonda qonaqlara hədiyyə təqdim olunub.