Avqustun 1-də Gürcüstanın Azərbayandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüb.
"Unikal" xəbər verir ki, səfirliyin nümayəndələrinin və universitetin prorektorlarının da iştirak etdiyi görüşdə Azərbaycan-Gürcüstan arasındakı tarixi köklərə əsaslanan əlaqələrdən, o cümlədən təhsil istiqamətində mövcud olan əməkdaşlıqdan bəhs olunub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı səfirə ADNSU-da təhsil sahəsində əldə olunan nailiyyətlər, təhsil və tədrisin keyfiyyəti haqqında məlumat verərək hazırda ADNSU-da 63 nəfər gürcüstanlı tələbənin təhsil aldığını bildirib. Rektor, professor M.Babanlı ölkələrimiz arasında sıx dostluq əlaqələrinin olmasına da toxunub və bu əlaqələrin bu gün təhsil sahəsində də əməkdaşlıqda ciddi rol oynadığını deyib.
Səfir Zurab Pataradze öncə Azİİ, onun yetişdirdiyi və dünyanın dörd bir tərəfində çalışan ixtisaslı mühəndislər haqqında məlumatlı olduğunu qeyd edib. Azərbaycan-Gürcüstan arasındakı dostluq münasibətlərinin sarsılmaz olduğunu deyən səfir iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə sıx əməkdaşlığın olduğunu vurğulayıb. O, xatırladıb ki, illər öncə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadze tərəfindən iki ölkə arasında mümkün bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əlaqələr möhkəmləndirilmiş və əsaslı inkişafının təməli qoyulmuşdur.
Görüşdə səfir iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcəyini və təhsil istiqamətində partnyor təhsil müəssisəsi kimi ADNSU-nun olacağını bildirib. O, ADNSU-da Gürcüstan Mədəniyyət Mərkəzinin yaradılmasını, həmçinin Azərbaycanla bağlı eyni məzmunlu mərkəzin Gürcüstanın istənilən ən yaxşı ali təhsil müəssisəsində yaradılmasını təklif edib.
Sonda tərəflər arasında təhsil sahəsində əlaqələrdən, müəllim-tələbə mübadiləsindən bəhs olunub və əməkdaşlıqla bağlı geniş müzakirələr aparılıb.