Neftçala rayon sakini Nail Əsədov Salyan Rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını iddia edib. O sosial şəbəkədə yayımladığı videoda bildirib ki, idarə etdiyi "VAZ" markalı avtomobil polis əməkdaşları tərəfindən qanunsuz olaraq cərimə meydançasına yerləşdirilib, özü isə təhqirə məruz qalıb.
İddialarla bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, Neftçala rayon sakini Nail Əsədovun videogörüntülərdə Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən əsassız yerə cərimə olunması, eləcə də polis əməkdaşları tərəfindən təhqirə və zorakılığa məruz qalması ilə bağlı səsləndirdiyi iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir:
"Bildirmək istəyirəm ki, N.Əsədov barəsində nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən protokol tərtib olunub və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.
Saxlanılan zaman sürücüyə qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təhqiramiz ifadələr səsləndirilməyib, zorakılıq hərəkətləri tətbiq edilməyib".