Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla görüşüb. Görüşdə Gəncə şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi, layihə çərçivəsində görülən işlər və planlar müzakirə edilib.
"Unikal" xəbər verir ki, ilk növbədə layihə çərçivəsində görülən işlər barədə görüş iştirakçılarına məlumat verilib. Bildirilib ki, şəhərin su təchizatı sisteminin yenidən qurulması üzrə işlərin 43, kanalizasiya sisteminin yenidən qurulması üzrə işlərin isə 40 faizi başa çatıb. Gəncə şəhərinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yenidən qurulması zamanı çirkab su təmizləyici qurğu da inşa ediləcək. Bu da çirkab suların müvafiq tələblərə cavab verəcək şəkildə təmizləndikdən sonra texniki su kimi istifadə edilməsinə imkan yaradacaq.
Görüşdə o da bildirilib ki, layihənin icrası zamanı baş verən ləngimələr, şəhərin müxtəlif ərazilərində aparılan qazıntı işlərindən sonra küçələrin asfalt örtüyünün bərpa edilməməsi, müvafiq işlərin görüldüyü bir sıra ərazilərdə asfalt örtüyünün çökməsi əhalinin haqlı narazılığına səbəb olub.
Qeyd edilib ki, cari il ərazində layihə çərçivəsində işlərin davam etdirilməsi və mövcud çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.