Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar qəbul-görüşünü avqustun 3-də Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri ilə keçirib.
"Unikal"ın məlumatına görə, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra İcra başçısı bildirib ki, həssas sosial təbəqələrin, o cümlədən şəhid ailələri, qazilər, Birinci və İkinci Qarabağ müharibələrinin veteranları, keçmiş məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:
“Bütün şəhid ailələri, o cümlədən Vətən müharibəsi əlilləri birdəfəlik ödəmələrlə təmin olunublar. Baş nazirin müvafiq sərəncamı ilə artıq bu gündən 11 min nəfərədək Birinci Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmələr həyata keçirilib. Bu, dövlətin heç kimə qarşı ayrı-seçkilik etmədən ədalətli yanaşmasının təzahürüdür”.
T.Qaraşov şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə yaxından maraqlanıb, onların qayğı və problemlərini dinləyib, İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll olunan bütün məsələlərin yerindəcə həll olunması üçün göstərişlərini verib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciət olunması və nəticəsi barədə vətəndaşlara qanunamüvafiq vaxtda və formada cavablar veriləcəyini bildirib. Aşağı Nüvədi qəsəbəsinin və Küvənil kəndinin sakinləri səmimi qəbul-görüşə görə İcra başçısına təşəkkürlərini ifadə ediblər. Yerli sakinlər dövlət idarələrinin və bütün xidmət sahələrinin nümayəndələrinin səyyar görüşdə iştirakının qaldırdıqları problemlərin yerindəcə həllinə köməklik etdiyini vurğulayıblar.
Vətəndaşlara göstərilən diqqət və qayğının son dövrlər daha da artmasına, insan amilinin sosial dövlət quruculuğu prosesində orbitdə dayanmasına və sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq şəkildə artmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını qeyd ediblər.