""Qisas" əməliyyatının keçirilməsi labüd idi, çünki Azərbaycan ərazisində yerləşdirilən və Rusiya sülhməramlıları tərəfindən müdafiə edilən qanunsuz erməni silahlı dəstələri müntəzəm olaraq atəşkəs rejimini pozurdular. Nəticədə Azərbaycan Ordusu üçün ciddi problemlər yaradırdılar".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinin pozulması halları özünü tez-tez göstərirdi:
"Erməni qaçaq-quldur dəstəsi müxtəlif siyasi manevrlərdən istifadə edərək və yalanlar uyduraraq Azərbaycan ərazilərini tərk etmək istəmirdilər. Ötən gün ermənilərin yenə təxribat törətməsi və nəticədə əsgərimizin şəhid olması Azərbvaycan Ordusunun hərəkətə keçməsi üçün bir siqnal oldu. Ordumuz müxtəlif istiqamətlərdə antiterror əməliyyatı həyata keçirdi. Erməni qaçaq-quldur dəstəsinə zərbə vuruldu və şəhidimizin qisası alındı.
Üstəlik, ermənilərə başa salındı ki, imzalanmış kapitulyasiya aktının müddəalarına əməl etməsəniz, Azərbaycan Ordusu qanunsuz erməni silahlı dəstələrini öz ərazilərindən çıxarmaq üçün maksimum səy göstərəcək. Hələ ki, Ordumuz dayanıb, amma Ermənistan tərəfinin yeritdiyi siyasət bundan sonra da davam edəcəksə, Azərbaycan Ordusu qisas əməliyyatlarını davam etdirəcək. Bizim Xankəndinin mülki əhalisi ilə heç bir işimiz yoxdur. Həmin şəxslər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra dövlətimiz tərəfindən onların təhlükəsizliyi təmin olunacaq. Bizim işimiz Azərbaycana qarşı işğal siyasəti yürütmüş adamlarladır. Biz bu işi davam etdirəcəyik", - deyə o qeyd edib.
Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Murad İbrahimli