"Demək olar ki, Ermənistan sülh prosesindən imtina edib. Onlar açıq bəyan ediblər ki, 30 ildə davam etdirdikləri işğalçılıq siyasətini yeni şəraitdə davam etdirmək niyyətindədirlər".
Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Eks-nazirin sözlərinə görə, onlar bunu etməklə yanaşı həm də qorxurlar ki, Azərbaycanın cavab zərbələri sarsıdıcı olacaq:
"Əmin deyillər ki, Rusiya həmişəki kimi onların köməyinə gələcək. Qərb isə indi bölgədə yoxdur və bu vəziyyət onlara təhlükə yaradır. Təxribatlar isə bizim seçimimiz deyil. Ermənistan özü bu yolu tutub. Biz sadəcə onlara cavab vermək məcburiyyətindəyik. Ermənilər bu siyasəti seçiblərsə, o zaman cavab zərbələri almağa hazır olsunlar".
T.Zülfüqarov qeyd edib ki, bu məsələdə mövqeyimiz və taktikamız bəllidir:
"Əvvəl deyirik, başa düşürlərsə, məsələlər öz həllini tapır. Bir müddətdir onlar silsilə təxribatlara əl atırlar. Onları bu yoldan çəkindirmək üçün Azərbaycan dediyi kimi istənilən vaxt zərbələr endirə bilər və bunu da etdi. Burada həmçinin, məntiqə uyğun olmayan bir vəziyyət yaranıb. Həmin bölgədə təhlükəsizliyi təmin etmək üçün Rusiya Federasiyası sülhməramlı kontingenti var. Heç bir sənəddə qeyd olunmayıb ki, onlarla yanaşı təhlükəsizliyi Ermənistanın hərbçiləri, o cümlədən bizim konstitusiyamıza zidd olan hansısa hərbi birləşmələr təmin edəcək. Bu baxımdan, həmin ərazidə təhlükəsilzik üçün sülhməramlılar var. Digər qüvvələr orada nə ilə məşğuldular? Bu o deməkdir ki, Ermənistan köhnə siyasətini davam etdirmək istəyir. Elə edirlər ki, sanki heç nə baş verməyib. Təbii ki, bu, qəbuledilməzdir. Azərbaycan ərazisində qanunlarımız işləməlidir. Ona görə də Azərbaycan Ordusu bu məsələdə hərbi əməliyyatlar deyil, antiterror əməliyyatları həyata keçirir".
Anar Kəlbiyev