Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında katibliyin strukturuna dair məsələyə baxılıb.
"Unikal" xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, komissiyanın tapşırığı ilə müasir dövrün tendensiyaları və hazırda respublikamızda gedən dəyişiklikləri öyrənərək katibliyin strukturunda müəyyən dəyişikliyə gedilib: “Bir sıra sahələr üzrə yeni formatda Katiblikdə müəyyən dəyişikliklər etməyə ehtiyac var. MSK artıq 35 minə yaxın dairə seçki komissiyası üzvlərinin və digər əməkdaşların sənədləşmə işləri ilə məşğul olur. Son illərdə respublikamızda əmək münasibətləri ilə bağlı bir sıra islahatlar aparılıb. Yeni bir struktur vahidinə ehtiyac yaranıb. MSK-nın Ümumi şöbəsinin tərkibində yeni - İnsan resursları sektoru yaradılması məqsədəuyğun olardı”.
O qeyd edib ki, digər struktur vahidi isə komnukasiya ilə bağlıdır: "Bu gün həyatımızda çoxsaylı yeniliklər -istər sosial şəbəkələr, istər onlayn platformalar yaranıb. Ona görə də MSK-nın Katibliyininin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin adının yenilənməsinə ehtiyac yaranıb. Həmin şöbənin adının Media və kommunikasiya şöbəsi olaraq dəyişdirilməsini təklif edirik".
"Digər tərəfdən ölkədə siyasi partiyalarla bağlı bir sıra layihələr gəyata keçirilir. MSK da siyasi partiyalarla yaxın işləyən qurumlardan biridir. Məhz siyasi partiyaların fəaliyyətinin məğzi seçkilərdə iştirak etməkdir. Bütün bunları nəzərə alaraq MSK katibliyində yeni bir şöbənin yaradılması – Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin yaradılmasını təklif edirik", - R.Qasımov vurğulayıb.